Kaka yenə “Milan”ı tərk edir
29.04.2014 - 22:46
Kaka yenə “Milan”ı tərk edir

 

İtaliyanın “Milan” futbol klubunun braziliyalı ulduzu Kaka növbəti mövsümdə komandanı tərk edə biləcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hücumçu televiziya müsahibəsində “Milan”da qalıb-qalmayacağını bilmədiyini deyib.

 

Kaka komandada qalmasının təkcə onun şəxsi qərarı ilə deyil, həm də ailəsi ilə bağlı olduğunu bildirib: “Onların rəyinə hörmətlə yanaşmam lazımdır. Amma azarkeşlərim rahat olsunlar. Heç kimin hissləri ilə oynamaq fikrim yoxdur. Son söz yenə mənimdir”.

 

Bu mövsüm çempionatda 27 oyunla 7 qol vuran və 6 məhsuldar ötürmə edən Kaka bu il formasından razı olduğunu deyib: “Amma daha yaxşı oynamağım və daha çox qol vurmalı olduğumu bilirəm. Mənim komandada qalıb-qalmamağım önəmli deyil. Əsas odur ki, “Milan” növbəti mövsüm çempionluq üçün oynamalı və Çempionlar Liqasına vəsiqə qazanmalıdır”.