Futbol üzrə Kamerun millisinin baş məşqçisi Folker Finke komandanın dünya çempionatında iştirakdan imtina etməyəcəyini bildirib. Apasport.az saytının məlumatına görə, yığmanın oyunçuları çempionatda iştiraka görə mükafatla bağlı razılığa gələ biliblər.
Qeyd edək ki, bundan əvvəl Kamerun millisinin oyunçuları onları Braziliyaya aparmalı olan təyyarəyə minməkdən imtina ediblər və azarkeşlərin də xahişlərinə baxmayaraq, mehmanxanadan çıxmayıblar. Buna Kamerun Futbol Federasiyası ilə millinin oyunçuları arasında mükafatla bağlı narazılıq yaranması səbəb olub.
Finke belə şeylərin bəzən baş verdiyini iddia edib: “Bəzən elə olur ki, vacib məqamlar barədə razılığa gəlinməsi daha çox vaxt tələb edir. Razılaşma əldə olunub və biz tezliklə Braziliyaya uçuruq. Bizim azarkeşlər razı qalacaqlar. Biz mütləq dünya çempionatında iştirak edəcəyik. Bu xəbəri bu qədər şişirtməyə ehtiyac yox idi”.