[b]Kamran Ağayevin oynadığı klublar mərhələ keçmir! [/b]
04.07.2014 - 17:00
[b]Kamran Ağayevin oynadığı klublar mərhələ keçmir! [/b]

Avropa Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubuna uduzan “Qəbələ”nin məğlubiyyətində komandanın qapıçısı Kamran Ağayevin də rolu az olmadı. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın kapitanı bu dəfə də lazım olan anlarda “çərçivə”ni istənilən səviyyədə qoruya bilmədi.

 

Evdə alınan 0:2 hesablı məğlubiyyətdə payı olan qolkiper hər iki qol epizodunda Vaqner qarşısında aciz qaldı. Azərbaycanın ən yaxşı yerli qapıçısı olan Kamran daha çox klub deyil, millinin qolkiperi olmasını bir daha təsdiqlədi.

 

Yığmanın oyunları zamanı komandanın əsas ümidi olan və dəfələrlə matçın qəhrəmanı hesab edilən Ağayev formasını geydiyi klublara eyni faydanı verə bilmir. Bu da onun avrokubok karyerasında da öz əksini tapır.

 

“Xəzər Lənkəran”da 10 avrokubok matçına çıxan Kamran “Qəbələ”nin qitə arenasında debütündə iştirak etməklə bu rəqəmi 11-ə çatdırdı. Lakin bu görüşlərdə 28 yaşlı əlcək sahibi cəmi 1 dəfə qələbə görüb.

 

Ağayev yalnız 3 görüşdə qapısını toxunulmaz saxlayıb. Hətta “Nomme Kalyu”, “Olimpiya” kimi zəif komandalar da onun qoruduğu qapıdan qol keçirib. 11 görüşün hamısını əvəzolunmadan keçirən, meydanda 1020 dəqiqə (1 oyunda əlavə vaxt olub) olan qapıçı 14 dəfə rəqib qoluna üzülüb. Hesabında 1 sarı vərəqə də olan Kamranın oynadığı komandalar yalnız 1 dəfə mərhələ adlayıb.

 

17.07.2007. “Xəzər Lənkəran” – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1

24.07.2007. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Xəzər Lənkəran” – 3:1, əlavə vaxtda

01.07.2010. “Olimpiya” (Moldova) - “Xəzər Lənkəran” – 0:0

08.07.2010. “Xəzər Lənkəran” - “Olimpiya” (Moldova) – 1:1

14.07.2011. “Makkabi” (Təl-Əviv, İsrail) - “Xəzər Lənkəran” – 3:1 (sarı vərəqə)

21.07.2011. “Xəzər Lənkəran” – “Makkabi” (Təl-Əviv, İsrail) – 0:0

05.07.2012. “Xəzər Lənkəran” – “Nomme Kalyu” (Estoniya) – 2:2

10.07.2012. “Nomme Kalyu” (Estoniya) - “Xəzər Lənkəran” – 0:2

19.07.2012. “Xəzər Lənkəran” – “Lex” (Polşa) – 1:1

26.07.2012. “Lex” (Polşa) – “Xəzər Lənkəran” – 1:0

03.07.2014. “Qəbələ” – “Şiroki Briyeq” (Bosniya və Herseqovina) – 0:2