[b]Karlos Kardoso: Titul bizdən uzaqlaşır - MÜSAHİBƏ[/b]
07.02.2015 - 14:14
[b]Karlos Kardoso: Titul bizdən uzaqlaşır - MÜSAHİBƏ[/b]

Qış fasiləsindən sonra ikinci rəsmi oyununa çıxan “Neftçi” yenə qələbə qazana bilmədi. Topaz Premyer Liqasının XX turunda “Simurq”la qarşılaşan paytaxt təmsilçisi 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlasa da, qol vurmağı da bacarmadı. Oyundan sonra “Neftçi”nin müdafiəçisi Karlos Kardoso apasport.az saytına müsahibə verib.

 

- Niyə qələbə qazana bilmədiniz?

- Yaxşı oynadıq. Ancaq qol vurmaq üçün şansımız olmadı. Çox pis haldı ki, titul bizdən uzaqlaşır. Uşaqlar mübarizə aparırlar. Sona qədər bu cür davam etsək, bir çox oyunlarda qələbə qazanacağıq.

 

- Oyun zamanı baş hakimlə tez-tez mübahisə edirdiniz. Hansı qərardan narazı qaldınız?

- Oyun vəziyyəti idi. Hakimin sarı vərəqə qərarından narazı qaldım. Sarı vərəqəyə layiq deyildim. Maraqlıdı ki, birinci hissədə də eyni cür foul oldu, amma hakim vərəqə göstərmədi. Amma ikinci hissədə əlini cibinə atdı. Narazı qaldığım başqa epizodlar da oldu.

 

- Komandadaxili ab-hava necədi? Düşərgədən heç də xoş olmayan xəbərlər gəlir. Futbolçuların cəzalandırılaraq əvəzedici heyətə göndərilməsi adət halını alıb…

- Həftəmiz yaxşı keçib. Ernest Nfor komandaya kömək edəcək futbolçudu. Amma bəzi qərarları biz yox, klub rəhbərliyi verir. Bəlkə də, bu məsələ 1-2 gün ərzində həll olundu və Nfor əsas komandaya döndü. Amma komandanın daxilində atmosfer normaldı.

 

- Beş gündən sonra “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Məqsədlər dəyişsə də, bu komandaların dueli hər zaman maraq dairəsində olub. Bu dəfə də büdrəyəcəyiniz ağlınızdan keçirmi?

- Bu oyun Azərbaycanın “El Klasiko”sudu. Bu oyunda qələbədən başqa heç bir nəticə bizi qane etmir. Bu oyunu çox adam gözləyir. Başa düşürəm, “Xəzər Lənkəran”da da vəziyyət yaxşı deyil. Bu “Neftçi” üçün maraqlı deyil, qələbə qazanmalıyıq.

 

- “Xəzər Lənkəran”ın hazırkı durumunu “Neftçi” üçün üstünlük saymaq olarmı?

- “Xəzər Lənkəran” zəifləyib. Bu komanda təcrübəli, yaxşı futbolçularını itirib. Ancaq oyunda nə olacağını bilmək olmur. Hər bir oyuna, rəqibə hörmətlə yanaşmaq lazımdı. Biz də hörmətlə yanaşıb, qələbə qazanmaq istəyirik.