“Bizi Avroliqada çətin və gərgin oyunlar gözləyir. Bu görüşlərə çox ciddi hazırlaşırıq”. Bu sözləri apasport.az saytına “İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze deyib.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “İnter”in Avroliqanın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi. “Bankirlər” iyulun 3-ü və 10-da Moldovanın “Tiraspol” klubu ilə növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.
Sxadadze püşkatmanın nəticəsini saytımıza dəyərləndirib: “Artıq rəqibimiz bəllidir. Moldovanın “Tiraspol” klubu çox ciddi komandadır. Rəqibə hörmət edirik. Ona görə də çalışacağıq ki, bu oyunlara tam hazır olaq. Ən əsas məqsədimiz ondan ibarətdir ki, rəqib haqqında mümkün qədər çox məlumat toplayaq”.
Hələ püşkatma mərasimi başlamamışdan əvvəl “İnter”in potensial rəqibləri arasında Gürcüstanın “Sioni” klubu da vardı. Görəsən, 45 yaşlı çalışdırıcı sabiq komandası ilə düşməyi istəyirdimi? Bu suala Sxadadze belə cavab verib: “Düzdür, bizim 5 potensial rəqibimiz var idi və bunların arasından “Sioni” bizə düşə bilərdi. Ancaq bu 5 rəqibdən bizə “Tiraspol” düşdü. Ona görə də digər komandalar haqqında danışmaq istəməzdim. Biz hazırda bütün diqqətimizi “Tiraspol”la oyunlara yönəltməliyik”.
Qeyd edək ki, Kaxaber Sxadadze 2006/07 mövsümündə “Sioni”ni çalışdırıb. Bolnisi klubu 2006-cı ildə Çempionlar Liqasının I təsnifat mərhələsində Böyükağa Hacıyevin çalışdırdığı “Bakı”nı turnirdən kənarlaşdırıb (2:0; 0:1).
Səbuhi TOFİQOĞLU