Kaxaber Sxadadze: Çox ciddi problemlərimiz olacaq - MÜSAHİBƏ
04.08.2014 - 11:00
Kaxaber Sxadadze: Çox ciddi problemlərimiz olacaq - MÜSAHİBƏ

“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin apasport.az saytına müsahibəsi

 

- AZAL-la yoxlama oyunu haqqında fikirlərinizi bildirərdiniz...

- Yaxşı qarşılaşma oldu. Xeyli qol vəziyyətləri yaratdıq. Bu epizodların bir çoxunu isə boşa verdik. Ümumilikdə isə komandam çox yaxşı çıxış etdi. Uşaqların meydandakı əzmkarlığını alqışlamaq lazımdır. Həm nəticədən, həm də oyundan razı qaldım.

 

 - “İnter”i çempionata hazır saymaq olar?

- Məncə, olar. Digər komandalarla müqayisədə biz təlim-məşq toplanışına daha tez start vermişdik. Bu da avrokbuoklardakı çıxışımıza görə idi. Həm təlim-məşq toplanışından sonar, həm də avrokuboklardan sonra demək olar ki, “İnter” növbəti mövsümə hazırdır.

 

- Komandanız Avroliqanın II təsnifat mərhələsində İsveçin “Elfbsorq” klubuna yenildi. Bu məğlubiyyəti unuda bilmisiniz?

- Bunu tam unutmamışıq, amma çempionata kimi yaddan çıxararıq. Belə məğlubiyyətləri tez bir zamanda unutmaq asan olmur. Mən isə komandamı psixoloji gərginlikdən çıxarmağa çalışıram. Onları çempionat başlayana qədər tam hazırlamalıyam.

 

- Avroliqa oyunlarında qapıda Georgi Lomaya dayansa da, AZAL-a qarşı matçda Səlahət Ağayev çərçivəni qorudur. Demək olar ki, limitə görə onu Premyer Liqaya hazırlayırsınız?

- Səlahət çox yaxşı qapıçıdır. O, təkcə limitə görə meydana çıxmır, həm də yaxşı qapıçı olduğuna görə oynayır. Lomaya kimi o da komandamızın bir nömrəsidir. Ümumiyyətlə həm Lomayanı, həm də Səlahəti əsas qapıçıs hesab etmək olar. Sadəcə Ağayev oyun praktikasından əziyyət çəkdiyi üçün onu meydana buraxdım. İşinin öhdəsindən layiqincə gəldi. Bundan sonra kim daha hazırlıqlı olacaqsa, qapı ona etibar olunacaq.

 

- Çempionatın startına çox az qalsa da, Avroliqada problemlər yaşadığınız hücum xəttinə futbolçu gətirməmisiniz?

- Bizim yeni hücumçuya çox ehtiyacımız var. Bu məsələ çox vacib məsələdir. Əgər hücumçu gətirməsək, Premyer Liqada çox ciddi problemlərimiz olacaq. Axtarışlarımız davam edir. İnanıram ki, gec də olsa, ön xətdəki problemi aradan qaldıracağıq.

 

- Bugünki yoxlama görünüşünüzü “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu da izləyirdi. Ola bilərmi ki, ona görə komandanız tam gücü ilə oynamadı?

- Yox, biz avrokuboklarda 4 oyun keçirmişik. Əgər Muntyanu istəsə idi, onların hamısına baxıb haqqımızda tam məlumata sahib olardı.

 

- Amma bu gün siz fərqli heyətlə mübarizə aparırdınız…

- Düzdü, fərqli heyətlə meydana çıxmışdıq. Oyunun gedişində də az oynamaq şansı qazanan futbolçulara şans verdim. Sırf hazırlıq oyunu idi. Rəqib baş məşqçiyə görə heç nə gizlətmədik. Yenə deyirəm ki, Muntyanu onsuz da avrokuboklardakı oyunlarımıza baxıb.

 

- “Elfsborq”a məğlubiyyətdən sonra istefa vermişdiniz…

- Düzdü, istefa verdim. Amma rəhbərlik yenə qəbul etmədi.

 

- Azərbaycan futbol ictimaiyyəti sizin komandadan getməyinizi istəmirdi…

- Hamısına ayrı-ayrılıqda təşəkkür edirəm. Son iki ildə Azərbaycanda həm futbol adamlarının, həm də azarkeşlərin dəstəyini hiss edirəm. Avroliqada da bizə istənilən dəstəyi verdilər. Bu məsuliyyətimizi artırır. Çalışacağıq ki, qarşıdakı illərdə onları daha çox sevindirəcəm.

 

Elsevər MƏMMƏDOV