“İlk öncə futbolçularımı qələbə ilə təbrik edirəm. Yaxşı oynadılar və layiqli qələbə qazandılar”. Apasport.az saytının məlumatına görə, bunu Topaz Premyer Liqasının XXXIII turunda “Sumqayıt”a qalib gələn “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib: “Sumqayıt” komandası həmişə xoşuma gəlib, hücumda qorxusuz və aqressiv oynayırlar. Bu, təqdirəlayiq haldır. Futbolçuların fərdi sürəti çox yüksəkdir. Müdafiədən sürətli çıxırlar, bundan ehtiyatlanırdıq. Rəqibin əks-hücumlarının qarşısını ala bildik. Son zərbəni vura bilməməyimiz hesabın daha erkən böyüməsinə mane oldu. Son 15 dəqiqədə ötürmələrdə qeyri-dəqiqlik var idi, futbolçular sakit şəkildə topa nəzarət etmək əvəzinə həyəcanlanırdılar. Mövsümün sonudur, futbolçuları başa düşmək olar. Mövsümün başlanğıcı ilə müqayisə edəndə indi ikinci yer uğrunda mübarizə aparırıq, bu, futbolçuların imicini çox yüksəldir. Daha bir xal yığmalıyıq ki, avrokuboklara vəsiqəni təmin edək”.