“Real”ın hücumçusu Kriştiano Ronaldo Madrid klubunun Avropanın ən yaxşı komandası olduğunu sübut etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu Çempionlar Liqasının finalında hansı komanda ilə oynayacaqlarının əhəmiyyətsiz olduğunu da vurğulayıb.
Ronaldo finalda oynamaq haqqını alın tərləri ilə qazandıqlarını bildirib: “Mən ancaq bütün oyunçuları və məşqçi heyətini təbrik edə bilərəm – biz çox yaxşı oynadıq. İndi finalda qalib gəlmək məsələsi durur. Onu həll etməyə çalışacağıq. İstənilən final oyununda qələbə şansı bərabər olur. Bu, finalda kiminlə oynadığınızdan asılı deyil. Buna görə də, ən yaxşı oyunumuzu göstərməli və Avropada ən yaxşı klub olduğumuzu sübut etməliyik. Mən turnirin əvvəlində də dediyim kimi, addım-addım irəliləməliyik, hər oyuna planlı şəkildə hazırlaşmalıyıq. Düzünü desəm, məni finalda kimə qarşı oynayacağımız maraqlandırmır. Mən sadəcə Çempionlar Liqasında qalib gəlmək istəyirəm”.