“Real Madrid” futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Xorvatiyanın “Snplus” jurnalına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu karyerası və gələcək planları ilə bağlı fikirləri ilə bölüşüb.
Ronaldo həmişə futbol oynamaq istədiyini bildirib: “Mən oyundan həzz alıram. Çünki futbol mənim işim və həyatımın sevgisidir. Qələbəyə can atmaqdan əlavə, mənim meydanda əylənməyim, yüksək səviyyədə oynamağıma kömək edir. Mən hər oyunda daha yaxşı oynamağa, məqsədimə çatmağa və uduzmamağa çalışıram. Daima yüksək səviyyədə çıxış etmək o qədər də asan deyil. Amma futbola sevgimə və işimə görə, hər gün maksimum çalışıram”.
Qarşıdan gələn dünya çempionatı barədə danışan hücumçu Portuqaliya millisinin favoritlər sırasında olmadığını etiraf edib: “Favoritlər Braziliya, İspaniya, Almaniya və Argentinadır… Bizim üzərimizə böyük yük düşmür. Buna görə də, uğura aparan yolda hər oyunda diqqətimizi cəmləşdirə bilərik. Almaniyaya qarşı ilk oyun bizim perspektivimizi göstərəcək”.
Portuqaliyalı futbolçu gələcəyi barədə də danışıb: “Gələcəkdə hansı işlə məşğul olacağımı bilmirəm. Amma dəqiq bilirəm ki, məşqçi olmayacağam – bu, çox mürəkkəb işdir. Amma futbolda qalmaq istəyərdim. Harada yaşayacağımı da bilmirəm. Karyeramı başa vurandan sonra heç nə dəyişməsə, İspaniyada qalmaq istəyərdim”.