“Əgər siz qrafik barədə mənə sual verirsinizsə, deməli, oyunlarımızda həqiqətən də sıxlıq var”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.
O, bu gün Fransa çempionatının VII turunun son görüşü olan “Sent-Etyen” - “Bordo” matçı öncəsi qrafikdəki sıxlıqdan şikayət edib. Qaltyenin sözlərinə görə, Avroliqada çıxış edən komandalara güzəşt olunmalıdı. Belə ki, oktyabrın 2-də “Dnepr”lə qarşılaşacaqlarından, VIII turun “Marsel”lə keçiriləcək görüşü bazar ertəsi olmamalıydı.
Qaltye federasiyanın tərtib etdiyi oyun cədvəlinə məcburiyyətdən razılaşdıqlarını bildirib: “Bu hal sizin kimi məni də narahat edir. Neyləyəsən, bu, Fransa futboludu. Sonra da biz UEFA-nın reytinqi haqqında danışırıq. Belə proqram bizə seçim etmək imkanı yaratmır”.
Qeyd edək ki, sentyabrın 18-də “Qarabağ” (0:0) və 21-də “Lans”la (1:0) səfər görüşlərinə çıxan “Sent-Etyen” bu gün qalib gələcəyi halda, lider “Marsel”lə xallarını bərabərləşdirəcək.