Lənkəranda “qaz pulu” davası: Alvaro Silva borcunu ödəmir
02.05.2014 - 11:16
Lənkəranda “qaz pulu” davası: Alvaro Silva borcunu ödəmir

“Xəzər Lənkəran” klubunun müdafiəçiləri Alvaro Silva və Adrian Skarlatake kirayədə yaşadıqları evin kommunal xərclərini ödəməyiblər. Bu barədə apasport.az saytına legionerlərin yaşadığı evin sahibi məlumat verib.

 

O bildirib ki, futbolçular istehlak olunan təbii qaza görə yığılan 470 manat borcu ödəməkdən imtina edirlər: “Onlar mənə həmin məbləği verməyəcəklərini bildiriblər”.

 

Silva isə əməkdaşımızla söhbətində bildirib ki, həqiqətən də “qaz pulu” ilə bağlı problem var: “Düzdü, biz həmin pulu ödəməmişik. Amma ev sahibi yalan danışır, bizi aldatmaq istəyir. Birincisi, həmin evdə normal qaz yox idi, bu baxımdan əziyyət çəkirdik. İkincisi, 2 ay ərzində 470 manat borc necə ola bilər? Biz həmin evdə cəmi 70 gün qalmışıq, amma 3 ayın pulunu ödəmişik”.

 

Alvaro bildirib ki, evin sahibi onu aldatmaq məqsədi güdür: “Həyat yoldaşım bu məsələ ilə əlaqədar Qaz İdarəsinə gedib. Ona deyiblər ki, 470 manat şişirdilmiş rəqəmdir”.