Leroy Corc: “Tvente” güclüdü, amma favort deyil
09.08.2014 - 11:15
Leroy Corc: “Tvente” güclüdü, amma favort deyil

“Komanda yoldaşlarımdan biri mənə zəng vurub, pley-off mərhələsində “Tvente” ilə qarşılaşacağımızı dedi. Əvvəlcə inanmadım. Doğma ölkəmin komandası ilə qarşılaşmaq maraqlı olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın hollandiyalı futbolçusu Leroy Corc deyib.

 

Hollandiya mətbuatına danışan yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın Enshede təmsilçisi ilə üz-üzə gəlməsinə münasibət bildirib.

 

“Ölkəmdə “Tvente”yə qarşı oynamaq yaxşı olacaq. Komandamız Çempionlar Liqasında qrupa yüksələ bilmədi. Biz Avroliqanın qrupunda oynamaq istəyirik. Bunun üçün pley-off qarşılaşmalarında qalib gəlməliyik. Əslində, şansımız az deyil. Güclü komandayıq və arxamızda bütün Azərbaycanın azarkeş ordusu var. Onların bizə olan etimadını doğrultmaq üçün qələbə qazanmaq istəyirik” – deyə, Corc əlavə edib.

 

Leroyun fikrincə, “Tvente”ni "Qarabağ"la görüşlərin favorti saymaq düzgün deyil: “Təbii ki, “Tvente” güclüdü, amma favort deyil. “Zalsburq”la oyunlarda da rəqibi aşkar üstün sayanlar var idi. Onlara böyük hesabla məğlub olacağımızı söyləyənlər gördülər ki, biz evdə Avstriya komandasını məğlub etdik. Səfərdə də nəticə əldə edə bilərdik. Sadəcə, müəyyən səhvlərimiz oldu. İndi də “Tvente” kimi güclü komanda ilə oynayacağıq. Bakıda qələbə qazanmağa çalışacağıq. Mən azarkeşlərimizi yenə sevinc içində görmək istəyirəm. Bu komandalar 4 il əvvəl görüşüblər və həmin oyunlarda Hollandiya klubu mərhələ keçib. Amma bu dəfə əksinin olması üçün meydana  çıxacağıq. Bizim də Avropa təcrübəli komandamız var. Bundan istifadə etməyə çalışmalıyıq”.