DÇ-2014-də millisinin İtaliya ilə matçında rəqib komandanın müdafiəçisi Corco Kellinini dişlədiyinə görə 4 ay futboldan uzaqlaşdırılan Luis Suares yenidən yaşıl meydanlara qayıdıb. Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu bu gün "Barselona"nın əvəzedici komandasında matça çıxıb.
İndoneziyanın U-19 komandası ilə yoldaşlıq görüşündə forma geyinən Suares rəqibi cəzalandırmağı bacarıb. Tomas Vermalenlə birgə əvəzedicilərdə oynayan Luis qarşılaşmanın 13 və 68-ci dəqiqələrində fərqlənib. Kataloniya klubunun 6:0 hesabı ilə qələbə qazandığı görüşdə Vermalen isə "Barsa"nın ilk qolunun müəllifi olub.
Qeyd edək ki, uruqvay millisinin hücumçusu İspaniya La Liqasının 9-cu turu çərçivəsində oktyabrın 25-də Madrid “Real”ı ilə keçirəcəkləri görüşdə meydana çıxa biləcək. Suaresin cəzası Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarı ilə oktyabrın 24-də sona çatacaq. Bunu üçün də Luisə 1 gün sonra baş tutacaq "El Klassiko"da forma geyinməyə heç bir əngəl qalmayacaq.