“Təəssüf ki, indi çox adam bunu dərk etmir. Amma ABŞ-la qarşılaşmağın özü bir tarixdir”. Bunu apasport.az saytına millimizin sağ cinah müdafiəçisi Mahir Şükürov deyib.
Hazırda “Neftçi”nin kapitanı olan Mahir Şükürovla yanaşı, Rəşad Sadiqov, Araz Abdullayev, Elvin Yunuszadə və Ruslan Qurbanov millimizin ABŞ-la yoldaşlıq oyununa çağırılıb. Şükürov ABŞ-la oyunda iştirak edəcəyi üçün sevindiyini bildirib: “Bu matç Azərbaycan millisi üçün bir stimuldur. Ona görə ki, ABŞ kimi yığma ilə yoldaşlıq oyunu keçirməyə gedəcəyik. Doğrudan da, bu komanda ilə qarşılaşmaq çox sevindirici haldır. Onlarla oyunumuz çətin olacaq. Çünki rəqibimiz dünya çempionatına hazırlaşır. Biz də nə gücümüz varsa, komanda şəklində göstərmək istəyirik”.
Berti Foqts dünya çempionatı zamanı ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannın müşaviri vəzifəsində çalışacaq. Görəsən, Şükürov mundial zamanı bu komandaya azarkeşlik edəcəkmi? “Berti Foqtsun ABŞ millisində çalışması mənim üçün fərq etmir. Dünya çempionatında ABŞ-a azarkeşlik etməyəcəyəm. Mən başqa komandanın tərəfdarıyam”.