[b]Marko Stanoyeviç: Uda bilmirsənsə, heç olmasa uduzma – MÜSAHİBƏ[/b]
07.02.2015 - 13:16
[b]Marko Stanoyeviç: Uda bilmirsənsə, heç olmasa uduzma – MÜSAHİBƏ[/b]

“Simurq”un heyətində sabit oyunu ilə seçilən Marko Stanoyeviç Topaz Premyer Liqasının XX turu çərçivəsində “Neftçi” ilə qolsuz heç-heçə başa çatan matçdan sonra apasport.az saytının suallarını cavablandırıb

 

- Səfərdə “Neftçi”ni yenə məğlub edə bilmədiniz. Rəqibin səhvini tapa bilmədiniz?

- Nə deyim? Bizim üçün vacib olan odu ki, rəqib meydanında yenilmədik. Hətta qələbə qazana bilərdik. Oyunu izlədiniz və qol vurmaq üçün bir neçə imkanımızın olduğunu gördünüz. İstifadə edə bilmədik. 90 dəqiqənin qolsuz heç-heçə ilə başa çatmasını ədalətli hesab etmək olar.

 

- Həlledici qolu niyə vura bilmədiniz?

- Müxtəlif səbəblər var. Hər şeydən əvvəl fərqli meydançada oynamağımızı qeyd etməliyəm. Təbii və süni meydanlarda oynamaq fərqlidi. Burada topun hərəkətindən tutmuş, hər şey müxtəlif olur. Ötürmələrdən düzgün istifadə edə bilmirdik. “Neftçi” isə texnikalı komandadı.

 

- “Simurq” niyə qələbə üçün deyil, uduzmamaq üçün oynayır?

- Bu fikirlə razılaşmıram. Biz qələbə qazanmaq istəyirdik. Sadəcə, belə deyək də, uda bilmirsənsə, heç olmasa uduzma. Biz də buna çalışdıq. Rəqibimiz də sıradan komanda deyil.

 

- Ancaq qol vurmaq üçün fürsət yaxaladınız..

- Əlbəttə, oldu. Ancaq tablodakı rəqəmlər dəyişmədi. Çünki heç kim öz şansından istifadə edə bilmədi. Oyuna diqqət yetirsək, nəticəni qənaətbəxş hesab etmək olar.

 

- “Simurq” Avropa Liqasına yollanmaq istəyir. Hazırkı reallıq onu göstərir ki, avrokuboka yollanmaq istəyənlərin sayı artıb. AZAL-ın son iki oyundakı qələbəsi onları da mübarizəyə qoşub...

- Turnir cədvəlinə baxsaq, şansımızın olduğunu görürük. Ancaq indi bu haqda düşünmək istəmirik. Bizi hər oyundan sonra keçirəcəyimiz növbəti matç düşündürür. “Xəzər Lənkəran”ı udduq, “Neftçi”ni düşünürdük. Bu oyun heç-heçə bitdi, indi də “Qəbələ” haqda fikirləşirik. Bu oyundan sonra növbəti matça baxacağıq. İşimizi bu cür qurmuşuq. Hər oyunda müsbət nəticə qazansaq, mövsümün sonunda məqsədimizə çatacağıq.