“Bazada idik. Axşam yeməyinə hazırlaşırdıq. Bir də gördük ki, qazanın üstündə yekə siçovul var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun futbolçularından biri deyib.
Mətbuatda “Kəpəz”in futbolçusunun yeməyindən siçan çıxdığı haqda xəbərlər yayılıb. Adının açıqlanmasını istəməyən Gəncə təmsilçisinin üzvü əməkdaşımızla söhbətində bunu təkzib etsə də, siçovulun qazanın üstündə gəzişdiyini deyib: “Həmin epizodu kameraya da çəkmişik. Dərhal uşaqlarla klubun prezidenti Mehman Allahverdiyevin yanına gedib dedik ki, belə şey olmaz. Axı siçovulun zəhəri yeməyin içinə düşsə, adamı öldürər”.
Məsələni dəqiqləşdirmək üçün “Kəpəz”in prezidenti Mehman Allahverdiyevlə də əlaqə saxladıq. Bununla bağlı münasibət bildirən klub rəsmisi məsələdən xəbərdar olduğunu dilə gətirib: “Siçan dünyanın hər yerində var. Hətta yaşayış binalarının 10-cu mərtəbəsində də rast gəlmək olur. İndi olub da, görüblər. Yaxşı ki, hələ fil deməyiblər, siçan deyiblər”.
Allahverdiyevin sözlərinə görə, klubun bazasında təmizliklə bağlı həmişə işlər aparılır: “Baza tez-tez dərmanlanır, deşiklər bağlanılır. Bu haqq-hesabdan sonra yenə baxdılar, harda deşik varsa, onu da bağladılar. Mən özüm yeməkxanada siçan görməmişəm. İndi ola bilər də, yəqin ki, görənlər olub. Bizə xəbər verdilər. Dedik elədisə, onda burda yeməyin, o biri tərəfdə, ya da fan-klub olan yeməkxanada yeyin. Şadlıq evlərinin, hətta çörək yediyimiz yeməkxanaların mətbəxinə girsən, nəsə tapa bilərsən. Belə xırda şeyi böyütmək ayıbdı”.
Klub prezidenti məsələnin ictimaiyyətə çatdırılmamağı üçün futbolçulara danışmaq qadağası qoymadıqlarını vurğulayıb: “Kim nə istəyirsə, çıxsın, desin. Söz azadlığı var. Biz heç bir futbolçuya qadağa qoymamışıq. Burda nə var ki? Böyük bir qəbahət yoxdu axı. Siçandı da, Allahın heyvanıdı, ola bilər kiminsə gözünə görünüb. Amma bizə deyiləndən sonra baza yenidən dərmanlanıb. Qab-qacaqlara kimi dəyişdik. Daha nə edək? 70 ildən qalmış binadı. Buna rəğmən, hər şey gözəldi, tər-təmizdi”.