“Syomin Rusiya futbolunda tanınmış fiqurdur və onun personasına olan maraq tamamilə məntiqli görünür”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syominin meneceri Dmitri Selyuk deyib.
Hazırda “Qəbələ”nin “sükanı arxası”nda olan Syominin adı Moskva “Spartak”ı ilə yanaşı çəkilir. Elə Selyuk da onun Rusiyadan təklif aldığını təsdiqləyib: “Qəbələ”də və əvvəl çalışdığı klublarda olduğu kimi, Yuri Pavloviç öz işi ilə sübut etdi ki, onun yüksək məşqçilik səviyyəsinə şübhə edilməməlidir. Onun Kiyev “Dinamo”sundan gedişindən sonra bu klubun hətta Çempionlar Liqasına düşə bilməməsi təsadüfi deyil. Syominin Rusiyaya qayıtmaq planı var. Onsuz da ona uzun müddət ailəsindən aralı qalmaq çətindir. Demək istəyirəm ki, Rusiyada ona olan marağı təbii qarşılayıram. Ancaq onun nə vaxta və məhz hansısa kluba qayıdacağını hazırkı mərhələdə öncədən bilmək çətindir”.
Selyuk, onun daha bir il “Qəbələ”də çalışacağını, ölkə kubokunun finalından sonra bu məsələnin müzakirə olunacağını istisna etməyib: “Mövsümün sonunda Syominin müqaviləsi başa çatır. Ancaq anlaşmanın şərtləri müqavilənin müddətinin daha 1 il uzadılmasına imkan verir. Hər şey tərəflərin istəyindən asılı olacaq. Syomini klubda hər şey qane edir, ancaq çoxlu nüanslar mövcuddur. Azərbaycan Kubokunun finalından sonra “Qəbələ” rəhbərliyi ilə söhbət baş tutacaq. Həmin söhbət zamanı bu məsələ həll ediləcək”.
Yeri gəlmişkən, Syominin özünün bu məsələyə münasibəti isə çox qısa olub: “Hazırda mən müqaviləmin davam etdiyi “Qəbələ”dəki işimə bütövlükdə bütün diqqətimi ayırmışam. Qarşıda bizim çox vacib oyunlarımız var. Ona görə də Rusiyadan mənə olan marağı şərhsiz qoyuram”.
Qeyd edək ki, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da az öncə saytımıza verdiyi açıqlamasında Syominlə danışıqlara “Neftçi” ilə kubok matçından sonra başlayacaqlarını bildirib.