“Mançester Yunayted”in keçmiş oyunçuları Pol Skoulz, Niki Batt, Hari və Fil Nevill qardaşları və hələ də komandanın şərəfini qoruyan Rayan Qiqqz “atışaraq” özlərinə klub alırlar. Apasport.az saytının məlumatına görə, onlar yaxın vaxtlarda “Selford Siti” klubunun sahibi olacaqlar.
Müqavilə rəsmən yay aylarında imzalanacaq. Hazırda “Selford Siti” İngiltərənin səkkizinci diviziyasında çıxış edir.
Qeyd edək ki, bundan əvvəl adları çəkilən futbolçuların “Mançester Yunayted”i almaq üçün çalışdıqları bildirilirdi. Amma sonradan bu məlumat təkzib edildi. Əfsanəvi futbolçular “1992-ci il sinfi”nin yetirmələridir. Onlar uzun illər Mançester klubunun heyətində çıxış edərək, komandaya bir çox titulları, o cümlədən 1999-cu ildə Çempionlar Liqasını qazandırıblar. Öncə həmin qrupda Devid Bekhemin də adı çəkilsə də, “Selford Siti”ni alanların son siyahısında Bekhem yoxdur.