Milinko Pantiç: “Barselona”nın belə burada xal qazanması çətindir
06.04.2014 - 17:38
Milinko Pantiç: “Barselona”nın belə burada xal qazanması çətindir

“Bakı” klubunun baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 29-cu turunda “Neftçi”yə məğlubiyyət barədə danışıb. Apasport.az saytının məlumatına görə. Pantiç  deməyə söz tapmadığını bildirib: “Yetirmələrim yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə tam əksi oldu. Sanki Flavinyoya göstərilən sarı vərəqədən sonra hakimlik bizə qarşı oldu. Çətin oyuna hazır idik. “Barselona”nın belə burada xal qazanması çətindir. Məğlubiyyət üzücü olsa da, heç bir futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam heyətlə növbəti oyuna hazırlaşacağıq. “Qarabağ” burada dörd qol vurubsa “Barselona”dan daha güclü ola bilər. Komandam rəqibdən üstün oynadı. İlk hissədə 11 metrlik cərimə zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi, olanımız budur. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı, yaxşı oynadı. Bəlkə də onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə çıxmalı idim”.