“Əlbəttə, ölkə kubokunun 1/4 finalında “Rəvan”a yenilib, mübarizəni dayandırmaq üzücüdü. Ancaq olanlar keçmişdə qaldı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXVII turu çərçivəsində AZAL-la oyun barədə danışıb. Pantiç bildirib ki, qarşılaşmada toparlanıb, qələbə barədə düşünməlidirlər: “Bundan sonra Premyer Liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı yenə bilsək, III dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram. Mətbuatda Marius Penanın “qara siyahı”ma düşməsi ilə bağlı yazılanlara gəlincə, deyim ki, o sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdu. Hazırda müalicə alan Rauf Əliyevin xidmətindən isə “Simurq”la oyunda yararlana biləcəm”.