Avropa Klublar Assosiasiyasının prezidenti Karl-Haynts Rummeniqqe Millətlər Liqasının yaradılmasını şərh edib. Apasport.az saytının məlumatına görə, Rummeniqqe yeni turnirin artıq mövcud olan Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərə təsir etməyəcəyini bildirib.
Xatırladaq Ki, UEFA-nın 54 üzvü Millətlər Liqasının yaradılmasına səs verib. Rummeniqqenin fikrincə, yeni turnirin üstünlükləri var: “Oyunçular yoldaşlıq görüşlərində iştirak etmək üçün bütün dünya üzrə böyük məsafəyə səyahət etməyəcəklər. Bu turnir Çempionlar Liqasına təsir etməyəcək. ÇL əsas turnir olaraq qalır. Eləcə də Avropa Liqası da inkişaf edir”.
Avropa Klublar Assosiasiyası (AKA) da turnirlə bağlı rəyini bildirib: “Avropa klubları bu layihənin əleyhinə deyillər. Çünki təqvimdə beynəlxalq oyunların sayı dəyişilməz qalır. AKA yarışların formatı məlum olan kimi yeni turnirin klub futboluna təsirini analiz edəcək”.