Azərbaycan millisinin yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin sentyabrın 9-da Bolqarıstanla keçiriləcək ilk görüşü ərəfəsində yığmamız Rusiya ilə qarşılaşacaq.
Avqustun 20-də Özbəkistan millisini qəbul edəcək Berti Foqtsun yetirmələri Rusiya ilə sentyabrın 3-də qarşılaşacaq. Moskvada baş tutacaq qarşılaşmanın stadionu isə hələ dəqiqləşməyib.
Maraqlıdır ki, bunadək Rusiyanın məhz Bolqarıstanla qarşılaşacağı gözlənilirdi. Lakin hər iki tərəf görüşə meydan sahibliyi etmək iddiasında idi. Bolqarıstan yığması isə Moskvada oynayıb, Bakıya gəlməyə razılaşmayıb. Əvəzində rusiyalılar Foqtsun komandasını sınağa çəkməyə qərar veriblər.
Braziliyada keçirilən DÇ-2014-ün final mərhələsinin iştirakçısı olan şimallılar tarixində 5-ci dəfə Azərbaycan millisi ilə görüşəcək. Qonşu ölkələr ardıcıl 2 dəfə AVRO-2012 və DÇ-2014-ün seçmə mərhələlərində qarşılaşıb. Hər iki halda yığmamız səfərdə uduzub (müvafiq olaraq 0:1 və 0:2), evdə isə 1:1 hesablı heç-heçəyə nail olub.
Qeyd edək ki, millimiz DÇ-2014-ün final mərhələsinin startı ərəfəsində də mundial iştirakçısı ilə qarşılaşmışdı. Yığmamız mayın 27-də San-Fransiskoda ABŞ-a 0:2 hesabı ilə uduzmuşdu.