19 yaşadək qızlardan ibarət milli komandalar arasında keçirilən ənənəvi “Kuban baharı” turnirində iştirak edəcək komandaların ilkin siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, son iki ildə Rusiyanın Soçi şəhərində təşkil olunan bu turnirdə çıxış edən Azərbaycan millisinin adı bu dəfə siyahıdan kənar qalıb.
Belə ki, rusiyalı həmkarlarımız martın 5-17-də baş tutacaq turnirdə çıxış edəcək yığmaların adlarını açıqlayıb. Burada Slovakiya, Rumıniya, İsrail, Moldova, Estoniya, İran, Polşa, Bolqarıstan, Özbəkistan, Rusiyanın U-19 komandaları, həmçinin sonuncuların U-17 millisi və Krasnoyarsk vilayətinin yığması yer alıb. Əgər ilkin siyahıda dəyişiklik olmasa, Azərbaycan futbolçularının ardıcıl 3-cü dəfə bu turnirə qatılması mümkün olmayacaq.
Qeyd edək ki, yığmamız 2013-cü ildə yarışı 9-cu, ötən il isə 12-ci yerdə başa vurub.