Millimizə 5:0 qalib gəldilər, səviyyəli komanda olduğumuzu bildirdilər
14.06.2014 - 16:25
Millimizə 5:0 qalib gəldilər, səviyyəli komanda olduğumuzu bildirdilər

“Bu turnir bizə seçmə mərhələyə yaxşı hazırlaşmaq imkanı verdi. Biz önümüzdəki tsikldə ikinci mərhələyə vəsiqə qazanmağa qarşımıza hədəf qoymuşuq”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sakib Malkoçeviç deyib.

Dünən UEFA-nın Sarayevoda keçirilən İnkişaf mini turniri başa çatdı. Millimizə son turda 5:0 hesabı ilə qalib gələn meydan sahibləri UEFA-nın nümayəndəsi Jan-Mişel Beneze tərəfindən kubokla təltif olundu.

Turnirlə bağlı Malkoçeviç bunları deyib: “Mini turnirdə bizim səviyyəli rəqiblərimiz vardı, ancaq biz I yeri tutduq. Lakin deməliyəm ki, bizim oyunumuzda bəzi çatışmazlıqlar vardı. Biz seçmə mərhələyə kimi bunları aradan qaldırmalıyıq”.

Bosniya və Herseqovina yığmasının sağ cinah müdafiəçisi Sandi Huşiç millimiz, Şotlandiya və Monteneqrodan güclü olduqlarını bildirib: “Fikrimcə, biz bu turnirdə qələbəni haqq etdik. Qalan komandalar yaxşı oynadılar, ancaq biz daha güclü olduğumuzu göstərdik”. Yerli futbol qurumunun texniki direktoru Deniyal Piriç isə oyunçuları və məşqçilər heyətini bu titula görə təbrik edib.

Qeyd edək ki, millimizin qapısından qolları Zinedin Mustedanaqiç (27), Amar Sulyiç (31), Ermedin Demiroviç (40), Aydin Muyaqiç (51) və Denis Jeriç (77) keçirib. 4 komanda arasında keçirilən turnirdə Mirbağır İsayevin yetirmələri 3 xalla III olub.