Millimizin kapitanı narazı qaldı - FOTO
24.06.2014 - 14:41
Millimizin kapitanı narazı qaldı - FOTO

“Bosniya və Herseqovinaya yola düşərkən, oradan qalib dönəcəyimizi düşünmürdük. Çünki bizi çətin 3 oyunun gözlədiyini bilirdik”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək qızlardan ibarət yığmamızın kapitanı Roza Quliyeva deyib.

 

İyunun 17-dən 20-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda U-17 qızlar yığmaları arasında İnkişaf mini turniri keçirildi. Burda iştirak edən millimiz hər 3 görüşdə qələbə qazanmaqla turnirin qalibi adını qazandı. Bununla bağlı “Səbail” klubunun yığmadakı üzvləri Roza Quliyeva və Ayşən Əhmədova fikirlərini bildirib.

 

U-17-nin kapitanının sözlərinə görə, oynadıqları meydançalar yaxşı vəziyyətdə olmayıb: “Komanda olaraq sona qədər mübarizə apardıq, əzmkarlıq nümayiş etdirdik. Yekunda isə bunun bəhrəsini gördük. Hər 3 oyunda qələbə qazansaq da, bu uğur asan başa gəlmədi... Oyunlar keçirilən meydançalar heç də ideal vəziyyətdə deyildi. Amma bu, istəyimizə çatmağa mane olmadı. Hər birimiz yaxşı başa düşürdük ki, biz Azərbaycanı təmsil edirdik. Həm də qazanacağımız uğur Avropa çempionatının seçmə qrup mərhələsində bizə əlavə stimul, ruh yüksəkliyi verəcəkdi. Məqsədimiz AÇ-nin seçmə oyunlarında da uğurlu çıxış etməkdir. Kapitan kimi deyə bilərəm ki, hər birimiz elit-raunda yüksəlməyi istəyirik”.

 

Əhmədova Makedoniyaya 2:1 hesabı ilə qalib gəldikləri matçda nisbətən çəkdiklərini bildirib: “Turnir bizim üçün uğurlu alındı. Səfərə çıxarkən özümüzə inanırdıq. Çox əziyyət çəkmişdik, bəhrəsini görmək istəyirdik. İlk matçda meydan sahibi olan Bosniya və Herseqovinanı 4 cavabsız topla məğlub etməyimiz isə bu inamı bir qədər də artırdı. Öz aramızda sözləşdik ki, biz Bakıya turnirin qalibi kimi dönə bilərik. Düzdür, ikinci oyunumuz bir qədər çətin alındı. Makedoniya yığması müqavimət göstərməyə çalışdı. Ancaq biz daha istəkli idik. Buna görə də qələbə qazandıq”.

Hələ 14 yaşı olan Ayşən tsikldə də uğur qazanmağa çalışacaqlarını söyləyib: “Bilirik ki, ilk dəfə idi komandamız UEFA-nın İnkişaf mini turnirinin qalibi olurdu. Amma bununla kifayətlənmək niyyətində deyilik. Bütün əziyyət AÇ-nin seçmə oyunları üçün çəkilir. Vacib olan həmin yarışda uğur qazanmaqdır. Yaxşı hazırlaşırıq. Bu cür turnirlərdə qalib olmaqla özümüzəinam daha da artır. Artıq həlledici yarışda yaxşı nəticə qazanacağımıza inanırıq. Baş məşqçimiz də bizi daim dəstəkləyir. Biz isə onun etimadını doğrultmaq üçün sona qədər mübarizə aparacağıq”.
 

“Zaqatala” klubunun 16 yaşlı yarımmüdafiəçisi Manə Mollayeva isə baş məşqçi Siyasət Əsgərovun futbolçuları oyunlara yaxşı köklədiyini bildirib: “Turnir çərçivəsində 3 oyun keçirdik. Birinci qarşılaşma daha vacib idi. Çünki bu matçda qazanılacaq qələbə komandanı ruhlandıracaqdı. İnam və əzmkarlıq hesabına meydan sahiblərini böyükhesabla məğlub etdik. İkinci oyunda Makedoniya millisini də yendik. Üçüncü qarşılaşma isə həlledici idi. Biz də qələbə qazanıb qalib olduq. İlk dəfə olaraq qızlardan ibarət yığmamız Bakıya kubokla döndü... Əlbəttə, yaxşı nəticə qazanmaq üçün daim əziyyət çəkməli, çoxlu məşqlər etməliyik. Baş məşqçimiz də bizi oyunlara yaxşı köklədi. Üstəlik AFFA tərəfindən mütəmadi keçirilən qızlar liqaları da millinin üzvlərinin formalarını saxlamaq baxımından bizə kömək edir. Çünki hər həftə oyunlar keçiririk, məşqlər edirik”.

O artıq tsikldə elit mərhələyə yüksəlmək haqda düşündüklərini ifadə edib: “Artıq bütün diqqətimizi qarşıdan gələn rəsmi oyunlara yönəldəcəyik. İsveçrə, Macarıstan və Portuqaliya ilə qarşılaşacağıq. Deyə bilərəm ki, hamımız uğurlu çıxış, elit-raunda yüksəlmək haqda düşünürük. Bunun üçün çox çalışmalıyıq. İstək, inam olan yerdə uğur qazanmaq da mümkündür”.

 

Qeyd edək ki, U-17 turnirdəki son görüşündə Monteneqro millisini 3:0 hesabı ilə məğlub edib.