Amerika qitəsində olduğu kimi, Avropada da milli komandalar arasında yoldaşlıq görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, yığmamızın növbəti Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan 2 komanda da oyuna çıxıb.
Belə ki, qrupumuzun autsayderi sayılan Malta Portuqaliyanın Faru şəhərində Cəbəllütariq yığması ilə gücünü sınayıb. İlk rəsmi oyununu keçirən boğaz təmsilçisi adalıları minimal hesabla məğlub edib. Yeganə qolu 64-cü dəqiqədə “Linkoln”un hücumçusu Kayl Kaskyaro vurub.
Seçmə mərhələdə qrupumuzun favoriti qismində görülən İtaliya yığması isə dünya çempionatı öncəsi yenə azarkeşlərini sevindirə bilməyib. Appenin təmsilçisi Perucca şəhərində ötən tsikldə millimizin məğlub edə bilmədiyi Lüksemburq yığmasını qəbul edib. Hesabı “Yuventus”un yarımmüdafiəçisi Klaudio Markizio 9-cu dəqiqədə açsa da, görüşün əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış cırtdanlar tarazlığı bərpa edib. Yığmamızla oyunda debüt etmiş “Kortreyk”in müdafiəçisi Maksim Şano tiffozini üzən qola imza atıb.
Qeyd edək ki, İtaliya millisi mayın 31-də İngiltərənin paytaxtı Londonda İrlandiya millisinin qapısına yol tapa bilməmiş və görüş qolsuz heç-heçə ilə başa çatmışdı.