Mirça Luçesku Ukraynada əsir qalıb
05.06.2014 - 13:45
Mirça Luçesku Ukraynada əsir qalıb

Donetsk “Şaxtyor”unun baş məşqçisi Mirça Luçesku Ukraynadakı siyasi və iqtisadi vəziyyətin əsiri olub. Apasport.az Rumıniyanın ziuanews.ro saytına istinadən xəbər verir ki, mütəxəssis Donetski tərk etmək və daha sakit Avropa ölkəsinə getmək istəyir.

 

Baxmayaraq ki, rumıniyalı məşqçi belə edəcəyi halda bütün qazandığı sərvətini itirmək təhlükəsi altındadır. Çünki Luçesku 10 il ərzində Donetskdə qazandığını Ukrayna banklarından birinə qoyub. Ancaq həmin bank mövcud duruma görə bağlanıb. Hazırda o, bu bankdan bir əməliyyatı üçün yalnız 1000 avro çıxara bilər.

 

Məşhur məşqçinin “Şaxtyor”la müqaviləsinin müddəti isə növbəti mövsümün sonunadəkdir. O, burda bir mövsümə 3 milyon avro alır. Ötən həftə “şaxtaçılar”da 10 illik işini qeyd edən Luçeskunu “Spartak” 2,5 milyonluq müqaviləyə çağırır. Ancaq rumıniyalı Moskva təmsilçisindən 4 milyon avro istəyir.