Mourinyo: “Atletiko” finala layiqdir
01.05.2014 - 04:37
Mourinyo: “Atletiko” finala layiqdir

 

“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında “Atletiko Madrid”ə məğlubiyyəti şərh edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Madrid klubunun finala layiq olduğunu söyləyib.

 

Mourinyo finalda favoritin olmadığını bəyan edib: “Mənim üçün finalda favorit yoxdur. Kiməsə elə gələ bilər ki, hansısa komanda finala çıxmağa layiq deyil. Amma bu belə deyil. “Atletiko” buna layiqdir. Bizə qarşı meydanda nə etmək lazım olduğunu bilən əsl komanda oynayırdı. “Real” “Bavariya”nı ona görə keçdi ki, güclü idi. “Atletiko” da “Çelsi”ni bu səbəbdən məğlub etdi. Hansısa məqamda madridlilər bizə üstün gəlməyə başladılar. Düşünürəm ki, həm “Atletiko”, həm də “Real” final oyunundan həzz alacaqlar və həqiqətən güclü komanda qalib gələcək. Mən on bir metrlik cərimə zərbəsi barədə danışmaq istəmirəm. Komandam bura qədər irəliləmək üçün hər şeyi etdi. Onlar hörmətə layiqdirlər. Bu oyanda həlledici məqam oldu. Müəyyən vaxta kimi hər şey bərabər idi. Amma sonra Tibo Kurtua inanılmaz topu qapıdan çıxardı. Sonra qapımıza cərimə zərbəsi təyin olundu. Belə oyunda hər şeyi detallar həll edir. Bizim oyunda hər şey bu dəqiqələrdə həll olundu. Kurtua bizim oyunçudur? Yox! Mən onun “Atletiko”nun oyunçusu olduğunu deyirəm və o, zərbələri dəf etməliydi. Mənim təcrübəm kifayət qədərdir və əminliklə deyirəm: ikinci qoldan sonra rəqib ideal oyun oynadı. “Atletiko”nu təbrik edirəm, onların çox gözəl komandası var”.