Mourinyo: “Atletiko” mənim hörmətimə layiqdir
30.04.2014 - 05:40
Mourinyo: “Atletiko” mənim hörmətimə layiqdir

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında “Atletiko Madrid”ə qarşı keçirəcəkləri cavab oyununu şərh edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis komandaların qələbə şansının bərabər olduğunu vurğulayıb.

 

Mourinyo “Atletiko”nu çox yaxşı komanda kimi dəyərləndirib: “Bu komanda təkcə əks-hücumlarda oynamır. Həm də yaxşı müdafiə qurur və çoxlu qol vurur. Bu komanda oyunlarda qalib gəlir! “Atletiko” Çempionlar Liqasının yarımfinalına kimi irəliləyib və onu İspaniya çempionluğundan cəmi iki qələbə ayırır. Üç mövsüm ərzində “Atletiko” mənim rəqibim olub. Amma mən həmişə bu klubla əlaqə və hörmət hiss etmişəm. Bu komandanın nailiyyətinə hörmət edirəm. Çempionlar Liqasının yarımfinalına hər komanda çıxa bilmir. “Barselona” və “Real” kimi rəqiblərlə mübarizədə İspaniya çempionluğuna yaxınlaşmaq mənim hörmətimə layiqdir. Biz turniri tərk etməklə nəticələnəcək oyuna çıxırıq. Burada hər şeyi xırdalıqlar, cəmi bir qol həll edə bilər. Buna görə də, oyunda hamı maksimum qüvvəsini göstərməlidir. 90 dəqiqə ərzində futbolçular məşqçidən daha vacibdirlər. Mən oyunçularıma etibar edirəm, buna görə də, sakitəm. PSJ ilə oyunda biz heç nəyi itirmirdik və ona görə də, bizim qələbəmizə az adam inanırdı. İndi isə belə deyil. Hesab 0:0-dır və şanslar bərabərdir. Biz evdə oynasaq da, məhsuldar bərabərlik bizə deyil, rəqibə sərf edir. Buna görə də, kimin üstünlüyü olduğunu söyləmək çətindir. Con Terri və Eden Azar matça hazırdırlar. Onları start heyətdə buraxmaq və ya ehtiyatda saxlamaq mənim işimdir. Amma hər ikisi hazırdır”.