Mourinyo: Azar özünü komandaya qurban verməyə hazır olan futbolçu deyil
03.05.2014 - 03:45
Mourinyo: Azar özünü komandaya qurban verməyə hazır olan futbolçu deyil

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo yay transfer mövsümündə cəmi 2 futbolçu almaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, komandada ciddi dəyişikliklər olmayacağı anlamına gəlir.

 

Portuqaliyalı mütəxəssisin bu açıqlaması komandada müəyyən rahatlıq da yaradıb. Çünki, bu, əsas heyətin yerində qalacağını göstərir: “Biz cəmi bir-iki vacib transfer həyata keçirəcəyik. Bu mövsüm pis olmadı. Hətta deyərdim ki, “Çelsi” üçün keçid dövrü oldu. Bizim əldə etdiyimiz isə pis göstərici deyil”. Mourinyo ancaq “Atletiko”dan Luis Felipe və Dieqo Kostaya maraq göstərir.

 

Portuqaliyalı məşqçi eyni zamanda tənqidləri də unutmayıb. Mourinyo İngiltərə Premyer Liqasının ən yaxşı gənc oyunçusu sayılan Eden Azarı “Atletiko”dan ilk qolun günahkarı elan edib: “Eden geriyə boylanmağa, müdafiəçinin vəziyyətinin necə olduğuna baxmağa hazır olmayan gənc oyunçudur. Əgər “Atletiko” ilə birinci qola baxsanız, hər şeyin haradan başladığını, səhvin harada baş verdiyini və bizim niyə top buraxdığımızı görəcəksiniz. Yüksəkdə olmağa can atan klub belə səhvlərə yol verməməlidir. Mən Azarın müdafiədə oyunundan razı deyiləm. O, özünü komanda üçün 100 faiz qurban verməyə hazır olan futbolçulardan deyil. Baxmayaraq ki, mən bütün mövsüm boyu onunla danışmışam və oyununu yaxşılaşdırmağa çalışmışam”.