“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandanın əsas qapıçısı ilə bağlı seçim etməyib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis istənilən qapıçıya üstünlük verə biləcəyini bildirib.
Mourinyo bildirib ki, uzun illər “Çelsi”nin əsas qapıçısı olan Petr Çexi ehtiyat oyunçular skamyasına oturtmaq onun üçün böyük problem deyil: “Əgər Kurtuanı skamyaya oturtmaq lazım gələcəksə, bu da problem deyil. Mənim komandamda iki fantastik qapıçı var. Amma bu, məni narahat etmir. İstənilən an istənilən, qapıçını seçə bilərəm. Kurtuanı geri qaytarmağımız məntiqidir. Belə bir qapıçıya malik olmaq və ondan istifadə etməmək axmaqlıq olardı. Əsas qapıçı barədə qərarı ancaq mən qəbul edəcəyəm. Başqa heç bir şəxs buna qarışa bilməz. Onlar mənim qərarımı gözləyənə kimi maksimum işləməlidirlər”.