Argentina yığmasının hücumçusu Lionel Messiyə rəğbəti ilə seçilməyən Joze Mourinyo bu dəfə futbolçunu dəstəkləyib. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin baş məşqçisi futbolçunun özünü yığma komandaya qurban verdiyini bildirib.
Xatırladaq ki, mundialın 7 oyununda iştirak edən Messi 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçu çempionatın ən yaxşı oyunçusu adına layiq görülüb. Argentina yığması isə gümüş medal qazanıb.
“Qızıl top”un Messiyə verilməsi bir çox futbolçuların və mütəxəssislərin narazılığa səbəb olub. Portuqaliyalı mütəxəssis isə hamının əksinə olaraq onu dəstəkləyib: “Messi özünü yığma komandasına qurban verirdi. O, ən yaxşı bombardir və ya futbolçu olmağa çalışmırdı, o, qalib gəlmək və tarix yazmaq istəyirdi. Messi öz mövqeyində deyil, daha aşağı zonada oynayırdı. Onun yanında daima 2-3 futbolçu olurdu. Messi heç nədən komandası üçün şans yaratmaq istəyirdi. Məsələn, onun di Mariyaya verdiyi məhsuldar ötürmə çox gözəl idi. Komandası üçün oynadığına görə Messiya hörmət etdim. Halbuki, başa çatan dünya çempionatında bir çox futbolçu bunu etmirdi”.