Azərbaycan kubokunun qalibi “Neftçi” tarixində ilk dəfə macarıstanlı hakim Tamaş Boqnarın idarəçiliyi ilə meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə görüşünü idarə edəcək referi karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb.
Baxmayaraq ki, 36 yaşlı referi 2009-cu ildən FİFA referisidir. Boqnar UEFA-nın hakimlər üçün 2-ci kateqoriyasına daxildir. Onun Macarıstan çempionatının yüksək liqasındakı debütü 2006-cı ilə təsadüf edib.
Avrokubokların təsnifat mərhələlərində və aşağı yaş yığmalarının seçmə matçlarında iş başında olan macarıstanlı əsas millilərin də görüşlərində fit çalıb. Boqnar AVRO-2012-nin seçmə mərhələsində Farer adaları ilə İtaliyanı, DÇ-2014 yolunda isə Qazaxıstanla Avstriyanı meydanA çıxarıb.
“Çixura” – “Neftçi” qarşılaşması onun cari mövsümdə 3-cü avrokubok oyunu olacaq. Avropa Liqasının I, Çempionlar Liqasının II təsnifat mərhələsində UEFA-dan şans qazanan referi əvvəl “Laçi” (Albaniya) – “Rudar” (Monteneqro), sonra “Rabotniçki” (Makedoniya) – HİK (Finlandiya) qarşılaşmalarında söz sahibi olub. Bu görüşlərin hər ikisi heç-heçə nəticələnib – 1:1 və 0:0.