“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin ölkəmizə gəlməsində Əziz Yıldırımın müəyyən rolu olub. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubunun prezidenti təcrübəli mütəxəssisin xidmətindən imtina etməsəydi, çalışdırıcı indi Lənkəran deyil, İstanbul təmsilçisində olacaqdı.
Məsələnin təfərrüatları isə təxminən 1 il sonra üzə çıxıb.
Bəlli olub ki, Dənizli ötən ilin aprelində istefa verən Aykut Kocamanın əvəzinə “sarı-lacivərdlilərin” başına keçməyə əsas namizəd olub. Həmin vaxt istanbullular onunla Ərsun Yanal arasında seçim etməli idi.
Yıldırım daha təcrübəli Dənizliyə üstünlük vermək istəyib. Bu üzdən də onunla danışıqlara start verilib. Lakin mütəxəssis sərt şərt qoyub: “Mənim də müəyyən şərtlərim var. Klub prezidenti mənim iş prinsipimi bilir. Mən onu soyunub-geyinmə otağında görmək istəmirəm”.
Bu sözlər Yıldırımı qəzəbləndirib: “Nə şərt? “Fənərbaxça”ya baş məşqçi olur. Bundan artıq nə şərt ola bilər?”
Məhz bundan sonra Dənizlini deyil, Yanalı komandaya gətirən istanbullular bir neçə gün əvvəl 19-cu çempionluğunu yaşadı. Dənizli isə “Fənərbaxça”ya lazım olmadıqdan sonra “Rizəspor”da mövsümü tamamladı. Bundan sonra işsiz qalan çalışdırıcı 2013-cü ilin sonunda “Xəzər Lənkəran”la müqavilə imzaladı. İndi isə yenidən işsiz qalmağın astanasındadır.