“Növbəti mövsümdən Premyer Liqa klublarının sayının 12-yə çatdırılacağını mən də eşitmişəm. Bizə belə bir şey təklif edilsə, məmnuniyyətlə qəbul edərik”. Bu sözləri apasport.az saytına açıqlamasında təcrübəli məşqçi Nadir Qasımov deyib.
Növbəti mövsümdən Topaz Premyer Liqasında 12 komandanın iştirak edəcəyi haqda xəbərlər yayılıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də belə bir variantın gündəmdə olduğunu təsdiqləyib.
I Divizion təmsilçisi “Şuşa”nı çalışdıran Qasımov isə Premyer Liqada çıxış etmələri üçün ilk növbədə, sponsora ehtiyaclarının olduğunu bildirib: “Təbii ki, yüksək dəstədə oynamağı çox istərdik. Sponsor tapılsa, məmnuniyyətlə razılaşarıq. Amma ilk növbədə, sponsor tapılmalıdı. Çünki onsuz Premyer Liqada mübarizə aparmaq çətindi. İstənilən halda, biz qarşımıza mövsümü ilk “3-lük”də bitirməyi məqsəd qoymuşuq. Əgər bizi Premyer Liqaya buraxsalar, heyətdə müəyyən dəyişikliklər edərik. Lakin elə də böyük dəyişikliklər olmayacaq. Çünki heyətimizi, demək olar ki, formalaşdırmışıq”.
Qeyd edək ki, I Divizionda 15 turdan sonra 28 xal toplayan “Şuşa” qış fasiləsinə 5-ci pillədə yollanıb.