Neymarın “Barselona”ya keçidində qayda pozuntusu tapılmadı
29.04.2014 - 01:31
Neymarın “Barselona”ya keçidində qayda pozuntusu tapılmadı

 

İspaniya Professional Futbol Liqasının büdcəyə nəzarət komitəsi Neymarın Braziliya “Santos”undan İspaniya “Barselona”sına keçidi zamanı qayda pozuntusu aşkar etməyib. Apasport.az saytının məlumatına görə, bununla da FİFA-nın Kataloniya klubuna qarşı iddialarından biri cavablandırılıb.

 

“Barsa” bundan əvvəl Neymarın transferinin onlara 57,1 milyon avroya başa gəldiyini bildirirdilər. Bu məbləğin 17,1 milyonu “Santos”a, 40 milyonu isə futbolçunun valideynlərinin şirkətinə ödənilib.

 

Fevral ayında “Barselona” Neymarın transferi ilə bağlı İspaniya Vergi Xidmətinə əlavə 13,5 milyon avro ödəyib. Bu addım prokuror Xose Perilasın “Barselona”nın və klubun keçmiş prezidenti Sandro Rosselin futbolçunun keçidi zamanı vergidən 9,1 milyon avronu gizlətməsi barədə iddia qaldırmasından sonra atılıb. Bundan sonra hakim Pablo Rus kluba fırıldaqçılıq ittihamı irəli sürmüşdü. Hazırda klubun vəkilləri ittihamların geri götürülməsi üçün çalışırlar.

 

Qeyd edək ki, Neymarın keçidindəki qaranlıq məqamlar FİFA-nın da əlində bəhanə olub. Ali futbol qurumu “Barselona”ya yeni transferləri qadağan edərkən bu məqamı da nəzərə almışdı.