Topaz Premyer Liqasının VII turunda keçiriləcək “Neftçi” - “Qarabağ” matçının Orxan Məmmədova tapşırılmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, FİFA referilərimizin beynəlxalq oyunlara təyinat almaları sabiq laynsman olan Məmmədovun mərkəzi qarşılaşmaya yolunu açıb.
Belə ki, beynəlxalq dərəcəli hakimlərimizdən Rəhim Həsənov UEFA-nın Regionlar Kubokunun 3-cü qrupunun oyunlarında iştirak edir. Serbiya, Bolqarıstan, Çexiya və İsveçrə komandalarının mübarizə aparacağı qrupun oyunları bu gün start götürür və sentyabrın 29-dək davam edəcək. Bu üzdən də Həsənov hazırda Serbiyadadı.
Digər FİFA referisi – çoxdandı Premyer Liqa üzünə həsrət qalan Anar Salmanov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinə qatılıb. Sentyabrın 24-dən oktyabrın 1-dək Latviyada keçiriləcək V qrupun oyunlarında meydana çıxacaq təmsilçimiz Ukrayna, İsveç, Yunanıstan və meydan sahiblərinin görüşlərində fit çalacaq.
Bu iki hakimdən fərqli, Bakıda olan Əliyar Ağayev isə I divizionda iddialıların matçına təyinat alıb. FİFA referisi liderlik edən debütant “Zirə” ilə Premyer Liqaya qayıtmaq istəyən “Rəvan”ın matçında ədaləti qorumalıdı.
Qeyd edək ki, Məmmədov mövsümdə 4-cü dəfə meydana çıxacaq. O, II turda “Xəzər Lənkəran” – “Sumqayıt” (0:1), IV turda “Neftçi” – “Simurq” (2:1), V turda AZAL – “Qarabağ” (0:3) oyunlarını idarə edib. İki dəfə meydan sahiblərinin qapısına penalti təyin edən referi bu qərarları ilə “Sumqayıt” və “Qarabağ”ı sevindirib. Lakin sonuncular bu imkandan yararlanmayıb. Onun göstərdiyi yeganə qırmızı vərəqə isə “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlıya verilib.