Növbəti səfər qələbəsi üçün
06.08.2014 - 14:42
Növbəti səfər qələbəsi üçün

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, pley-offa 29 vəsiqənin sahibi bu qarşılaşmalarda müəyyənləşəcək.

 

Yarışdakı yeganə təmsilçimiz “Neftçi” tarixində ikinci dəfə bu mərhələdə oynamaq üçün Gürcüstan sınağından üzüağ çıxmalıdır. Paytaxt təmsilçisi sabah bu ölkənin “Çixura” klubunu sınağa çəkəcək.

 

Öz meydanında qolsuz heç-heçə ilə kifayətlənən Böyükağa Hacıyevin yetirmələri iki il əvvəl olduğu kimi pley-offda oynamaq iddiasındadır. Bunun üçün “ağ-qaralar” ya qalib gəlməli, ya da qollu heç-heçəyə nail olmalıdır. Hər iki halda hücumda problemləri olan bakılılar rəqib qapısına yol tapmalıdır.

 

“Neftçi” bunu bacarmasa, onda gərək qolsuz heç-heçəyə ümid etsin və bəxtini penaltilər seriyasında sınasın. Bakılıların hazırda davam edən seriyaları təmsilçimizin ən azı əlavə vaxta kimi mübarizə aparacağından xəbər verir.

 

 

Çünki “Neftçi” son 5 səfər oyununda uduzmur. Bu göstərici bütün yarışlarda baş tutan matçlara aiddir. Avrokuboklardakı son 3 səfər matçında da “ağ-qaralar” 90 dəqiqə də uduzmayıb. İki il əvvəl İtaliyada “İnter”lə qollu heç-heçə edən, ötən yay Albaniyada “Skenderbeu” ilə 90 dəqiqə qol vura bilməyən təmsilçimiz həmin görüşü əlavə vaxtda uduzmuşdu. Elə 2 həftə əvvəl Sloveniyada “Koper”lə qarşılaşmada da bakılılar uduzmamışdı. Məhz oradakı 2:0 hesablı qələbə Hacıyevin yetirmələrini buradək daşımışdı. Bundan başqa, ölkəmizin ən titullu klubu avrokuboklardakı son iki qələbəsini də səfərdə qazanıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

22:00. “Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) 

Baş hakim: Tamas Bognar (Macarıstan)

Tiflis. Mixail Mesxi adına stadion