“Qəbələ” - Petev gəlməsə, Qriqorçuk!
12.06.2014 - 13:56
“Qəbələ”  - Petev gəlməsə, Qriqorçuk!

Bolqarıstanlı İvaylo Petevin “Qəbələ” klubunun baş məşqçisi postuna təyinatı bu gün reallaşa bilər. Apasport.az saytının əldə etdiyi məlumatına görə, hazırda klub rəsmiləri bu istiqamətdə Petevin çalışdığı AEL rəhbərliyi ilə danışıqlar aparırlar.

 

Bolqarıstanlı mütəxəssis üçün viza açdıran “Qəbələ” Kipr təmsilçisini razı salmağa çalışır. Ancaq hadisələr istənilən məcrada getməsə, o zaman komandaya ukraynalı mütəxəssis gətiriləcək. Həmin şəxs isə Roman Qriqorçukdur.

 

Hazırda “Çernomorets” klubunda çalışan Qriqorçuk məşqçilik karyerasına 2000-ci ildə “Dinaburq”da (Latviya) başlayıb. 2005-ci ildə isə bu ölkənin “Ventsplis” klubunun “sükanı arxası”na keçib.

 

Bu komanda ilə Latviya çempionu və kubokun sahibi olub. 2009-cu ildə vətəninə qayıdan Qriqorçuk Zaparojye “Metallurq”unu çalışdırıb. 2010-cu ildə bu klubdan istefa verən mütəxəssis Azərbaycan, Rusiya və Qazaxıstandan təklif alsa da, ölkəsində qalmağı üstün tutub.

 

2010-cu ildən “Çernomorets”in baş məşqçisi postunu tutur və bu komanda ilə müqaviləsi davam edir.  Amma Ukraynadakı siyasi vəziyyətlə əlaqədar onun Odessa təmsilçisini tərk edəcəyi istisna deyil.