Oğuz Çətin:  Başqa yolumuz yoxdur
19.03.2014 - 00:02
Oğuz Çətin:  Başqa yolumuz yoxdur

“Kubok yarışı bizim üçün son dərəcədə önəmlidir. “Xəzər Lənkəran” mövsümə yaxşı başlamayıb, xeyli xal itkisinə yol verdiyi üçün Premyer Liqada işini çətinə salıb. Ona görə də, avrokuboka düşmək üçün bu yarışda uğur qazanmalıyıq”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun məşqçisi Oğuz Çətin deyib.

 

“Xəzər Lənkəran” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində “Araz Naxçıvan”ı qonaq edəcək. “Ağ-yaşıllar” səfərdə I divizion təmsilçisi ilə qollu heç-heçə etdiklərindən (1:1) mərhələ adlamaq şansları daha çoxdur.

 

Lakin Çətin matçın asan olmayacağını söyləyib: “Rəqibin I divizionda mübarizə aparması onun zəifliyinə dəlalət etmir. “Araz Naxçıvan” yaxşı komandadır. Lakin bizim uğur qazanmaqdan başqa çıxış yolumuz yoxdur. Avropa Liqasına vəsiqə əldə etmək üçün Azərbaycan kubokunu qazanmalıyıq”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında geridə qalan 26 turdan sonra hesabında 34 xal olan “Xəzər Lənkəran” 3-cü sıradakı “Qəbələ”dən 10 xal geri qalır. Bu səbəbdən 7-ci pillədə qərarlaşan cənubluların mükafatçılar sırasına düşməsi çətin görünür.