Oğuz Çətin: Bu gün itirilən 2 xalı növbəti oyunlarda sığortalayacağıq
09.08.2014 - 21:40
Oğuz Çətin: Bu gün itirilən 2 xalı növbəti oyunlarda sığortalayacağıq

“Matçın ilk 70 dəqiqəsini yaxşı oynadıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Cənub təmsilçisi Topaz Premyer Liqasının I turunda səfərdə AZAL-a qarşı keçirdi. Fasiləyə üstün yollanmasına və rəqibin ikinci hissədə azlıqda qalmasına baxmayaraq, “ağ-yaşıllar” sonda 1 xalla kifayətləndilər – 1:1.

 

Oyundan sonra təşkil olunan mətbuat konfransında türkiyəli çalışdırıcı bildirib ki, komandasının çıxışından razı qalıb: “Xeyli qol vəziyyəti yaratdıq. Amma bunu son 20 dəqiqə üçün deyə bilmərəm. İlk 70 dəqiqədə gördüyümüz işi sonra yerinə yetirə bilmədik ki, buna görə də çox narahatam.  Rəqibin cəmi 1 imkanı oldu, onda da qol vurdular”.  

 

Çətin bildirib ki, çempionatın ilk matçı həmişə çətin keçir: “İlk oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. 1 xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci turda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama görüşlərində sağ müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Komandamızın gücü elədir ki, bu gün itirilən 2 xalı növbəti oyunlarda sığortalaya biləcək”.