Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin “Beşiktaş” klubunun rəqibi olan “Arsenal”ın katibi David Miles qarşıdakı oyun barədə danışıb. Apasport.az saytının məlumatına görə, oyun avqustun 19-da və ya 20-də keçiriləcək.
Miles “Beşiktaş”la oyunu səbirsizliklə gözlədiklərini bildirib: “Pley-offda oynayacağımız üçün xoşbəxtik. “Beşiktaş” Türkiyənin ən böyük klublarından biridir. İki çətin oyun olacaq. Ötən il “Fənərbaxça” ilə pley-off mərhələsində əldə etdiyimiz nəticəni “Beşiktaş”la da əldə etmək istəyirik. Türkiyə klubu mövsüm hazırlıqlarına bizdən əvvəl başlayıb. Amma ikinci oyunun bizim sahəmizdə keçirilməsi çox önəmlidir”.
“Arsenal” rəsmisi Almaniya millisinin tərkibində dünya çempionu titulunu qazanan Məsut Özil, Lukaş Podolski və Per Mertezakerin tətildən gec qayıtdıqlarını və “Beşiktaş”a qarşı ilk oyunda oynamalarının sual altında olduğunu da vurğulayıb: “Hələ heç nə dəqiq deyil. Amma bizim çox gözəl komandamız var. Onları əvəz edə biləcək oyunçuları tapa bilərik”.
Məsut Özil isə sosial şəbəkədəki səhifəsində “Beşiktaş”la oyun barəsində belə yazıb: “Çox gözəl püşkdür. “Beşiktaş”la oyunu səbirsizliklə gözləyirəm”.