“Sabahkı maraqlı oyuna hazırıq. Komandada əhval-ruhiyyə normal səviyyədədir. Amma çempionatın liderinə qarşı görüş asan olmayacaq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı”nın serbiyalı baş məşqçisi Milinko Pantiç deyib.
“Bakı” Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində doğma azarkeşləri önündə “Qarabağ”la qarşılaşacaq. Oyunöncəsi son məşqini keçirən paytaxt təmsilçisinin çalışdırıcısı görüş haqda fikirlərini klubunun rəsmi saytına açıqlayıb: “Cari mövsüm “Qarabağ”a 2 oyunda məğlub olub, birində qalib gəlmişik. Bu dəfə də “Qarabağ” məğlubiyyətlə üzləşə bilər. Aparıcı oyunçularım sabah meydanda olmayacaq. Lakin bu, “Bakı”nın istəyini dəyişmir. Hər şey bizim öz əlimizdədir. Real duruma baxıb düşünmək lazımdır. Qarşıdakı oyunlarda baxaq görək vəziyyət necə olacaq?! İndiki halda komandam avrokuboklarda çıxış etməyə hazır deyil”.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu turun açılış matçı olacaq və saat 15:00-da başlayacaq.