Platini: Bezdiriblər!
28.03.2014 - 00:33
Platini: Bezdiriblər!

UEFA prezidenti Mişel Platini Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının boykot edilməsi tələbi barədə danışıb. Apasport.az saytının məlumatına görə, Platini həm də Krım futbol klublarının Ukrayna çempionatından Rusiya çempionatına keçidi məsələsinə də toxunub.

 

UEFA prezidenti bildirib ki, hələlik Krım komandalarının məsələsi gündəmdə deyil: “Bu məsələ hələlik bizim üçün problem deyil. Çünki bizimlə heç kim əlaqə saxlamayıb. Mənim bildiyimə görə, həm Ukrayna, həm də Rusiya tərəfi oyunların onların çempionatı çərçivəsində başa çatmasını istəyirlər. Çox şey siyasi planda dəyişə bilər və biz də buna uyğun məsələyə baxacağıq”.

 

Daha sonra Platini Rusiyada keçirilməli olan dünya çempionatının boykot edilməsi məsələsinə toxunub: “Bizi bu çağırışlarla bezdiriblər. Səfirliyi, hansısa iqtisadi müqaviləni boykot etmək lazımdır. Amma nədənsə idman sistematik olaraq hədəfə çevrilir. İdmanı sevməyən xeyli insan var və onlar belə bir boykota nail olurlar. Hesab edirəm ki, siyasətçilər siyasətlə məşğul olmalıdırlar. İdman isə birləşdirici elementə çevrilməlidir”.