“Məğlub olmağımızın konkret səbəbini deyə bilmərəm. Görünür, bir az bəxtimiz gətirsəydi, görüş penaltilər seriyasına kimi uzanmayacaqdı”. Bunu apasport.az saytına “Araz”ın yeni qapıçısı Aleksey Popov deyib.
Rusiyanın “Dina” klubundan icarəyə götürülmüş ukraynalı qapıçı dünən “Araz”da oynamaqla debüt etmiş oldu. “Barselona” ilə görüşdə qapısından 4 top buraxsa da, Popov pis təsir bağışlamadı. Ancaq “Araz”ın baş məşqçisi Alesio penaltilər seriyası zamanı ona yox, millimizin braziliyalı qapıçısı Laersio Buranelloya şans verdi.
Popov niyə penaltilər seriyası zamanı qapıda durmamasına belə aydınlıq gətirdi: “Penaltilər seriyası üzrə mən də məşqlərdə çalışmışdım. Ancaq verilən qərar baş məşqçiyə məxsusdur. O fikirləşdi ki, mən oyun ərzində yorğun olduğumdan, Laersio qapıda daha yaxşı durar. Neyləyək ki, belə alındı. Bağışlayın ki, sizi sevindirə bilmədik. Hər halda bizə dəstəyinizə görə sizə minnətdarıq”.
Popov icarədə olduğu kluba qayıtmaq məsələsinə də toxundu: “Hələ “Araz”da oyunlara çıxacağam. “Dördlər finalı” başa çatdıqdan sonra Azərbaycan çempionatının görüşlərində oynayacağam”.
Qeyd edək ki, “Araz” dünən UEFA Kubokunun yarımfinal mərhələsində “Barselona”ya penaltilər seriyasında 2:4 hesabı ilə yenilməklə finala çıxa bilməyib.
Popov penaltilər seriyası zamanı qapıda durmamasına aydınlıq gətirdi
25.04.2014 - 14:23
0
0