Baş Məşqçi Çezare Prandelli tərəfindən “Qalatasaray”ın heyətindən kənarlaşdırılan Səbri Sarıoğlu komandada qalır. Apasport.az saytının məlumatına görə, sarı-qırmızıların kapitanı yenidən heyətə qaytarıla bilər.
Xatırladaq ki, Prandelli Səbrini komandanın xaricdə keçirdiyi ilk təlim-məşq toplanışına dəvət etməyib. İtaliyalı mütəxəssis kapitanla bağlı qərarın ümumi qərar olduğunu da iddia etmişdi: “Səbri və ya komandadan kənarlaşdırılan digər futbolçulara qarşı heç bir şəxsi münasibətim yoxdur. Amma dəyişmək vaxtı yetişib. Sıxıntımız olan sahələri dəyişirik. Səbri çox gözəl insandır. Amma mən futbolçuları bu xarakterinə görə seçmirəm. Nə qədər işləməsinə baxıramə.
Prandellinin bu sözləri Səbrinin geri dönmə yollarının tam bağlandığı kimi qəbul edilmişdi və mətbuat artıq ona yeni komanda axtarmağa başlamışdı. Amma klub rəhbərliyinə yaxın mənbələr Səbriyə xoş xəbər veriblər: “Qərarı baş məşqçi qəbul edib. Hansı səbəbdən və necə qəbul etdiyini bilmirik. Düşünürük ki, əvvəlki qərarından vaz keçəcək. Böyük ehtimalla, ikinci təlim-məşq toplanışına qatılacaqsan”.
Səbri isə komandadan ayrılmaq niyyətində olmadığını qeyd edib: “Mən məşqlərimi davam etdirirəm. Hətta əvvəlkindən də ciddi davam etdirirəm. İstənilən qərara hörmət edirəm və edəcəyəm. Amma komandadan getmək niyyətim yoxdur. Qəti şəkildə bildirirəm ki, ən azı dekabr ayına kimi buradayam”.