Milli Hokkey Liqasının “Vaşinqton Kepitals” klubunun və Belorus yığmasının hücumçusu Mixail Qrabovski profilini dəyişmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, professional hokkeyçi karyerasını vətənində futbolçu kimi davam etdirəcək.
30 yaşlı professional idmançı Belarus çempionatının ikinci dvizionunda çıxış edən “Krumkaçı” futbol klubu ilə müqavilə bağlamaq qərarına gəlib. Müqavilə artıq bağlansa da, “futbolçu” zədə səbəbindən yeni komandasının sırasına ancaq iyul ayında qoşula biləcək. O, bu yolla MHL-də yeni mövsüm başlayana qədər formada qalmaq istəyir.
Qrabovski ötən mövsüm “Vaşinqton Kepitals”ın heyətində 58 oyun keçirib, bu oyunlarda 13 qol vurub və 22 məhsuldar ötürmə edib. Minskdə keçirilən dünya çempionatında isə 6 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.