Sabah start götürəcək Çempionlar Liqasının pley-off mərhələsinə ilk hakim təyinatları açıqlanıb. Apasport.az saytı xəbər verir ki, 1/8 final mərhələsinin ilk iki görüşünü idarə edəcək referilər məlum olub.
Mərhələnin ən maraqlı cütlüklərindən biri hesab edilən PSJ ilə “Çelsi” arasındakı ilk qarşılaşma türkiyəli referi Cüneyt Çakıra tapşırılıb. Parisdə keçiriləcək qarşılaşmada ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Mustafa Eyisoy dördüncü, Hüseyin Göçeklə Barış Şimşək isə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Sabah baş tutacaq “Şaxtyor” – “Bavariya” görüşü isə ispaniyalı Alberto Undiano Mallenkoya həvalə edilib. Roberto Palomar və Raul Martines laysman, Pau Devis isə dördüncü hakim kimi ona kömək edəcəklər. Karlos Qomes və Xavyer Estrada də əlavə köməkçi hakim vəzifəsini icra edəcəklər.
Qeyd edək ki, PSJ - “Çelsi” matçı “Park de Frans”, “Şaxtyor” – “Bavariya” görüşü isə “Lvov Arena”da keçiriləcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.