Qananın ən məşhur və nüfuzlu cadugərlərindən sayılan Nana Kvaku Bonsam Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, cadugər Ronaldonunun zədəsinin onun işi olduğunu iddia edib.
Adı “Ətrafın iblisi” kimi tərcümə edilən Nana Kvaku Bonsam hələ fevral ayında bəyan edib ki, “Real”ın hücumçusu zədə səbəbindən dünya çempionatını buraxacaq. İki gün öncə isə cadugərin proqnozu özünü doğrultmağa başlayıb. Portuqaliya millisinin rəsmiləri Ronaldonun zədələndiyini bildiriblər. Onun dünya çempionatında oynaya biləcəyi sual altındadır.
Cadugərin iddiasına görə, o, xüsusi dərman hazırlayaraq Ronaldonun şəklini həmin dərmana salıb: “Mən onun üzərində işləyirəm. Bunu hələ dörd ay əvvəl demişəm. Ronaldonun dünya çempionatında, ən azı Qanaya qarşı oyunda iştirak etməsinə mane olmaq niyyətindəyəm. Ötən həftə xüsusi mərasim üçün 4 qara it tapmışam”.
Afrikada cadugərlərə inam geniş yayılıb. Afrika ölkələrinin komandaları bütün matçlara belə cadugərlərin müşayiəti ilə gedirlər.
Portuqaliya yığması dünya çempionatında Almaniya, Qana və ABŞ komandalarına qarşı oynayacaq. Qana ilə oyun iyunun 26-da keçirilməlidir.