“Oyuna çox yaxşı başlamışdıq. Rəqibə öz oyununu oynamağa imkan vermirdik. Lakin plana uyğun olmayan məcburi əvəzetmə oyunumuzu alt-üst etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Gənc futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la Avstriyadakı cavab oyunu haqda fikirlərini açıqlayıb. O bildirib ki, İlqar Qurbanovun zədələnərək erkən əvəzlənməsi planları pozub: “Bu baş verdikdən sonra biz qol buraxdıq. Deyərdim ki, mərhələ keçə bilməməyimizə səbəb qırmızı vərəqələr və məcburi əvəzetmələr oldu. Buna baxmayaraq, yaxşı hazırlaşıb, Avropa Liqasının pley-offundakı oyunumuzu qələbə ilə başa vurmalıyıq”.
Qarayev “Qarabağ”ın 5-4-1 sistemi ilə oynamasına da aydınlıq gətirib: “Onların oyunlarını analiz etmişdik. Rəqib 5 müdafiəçiyə qarşı oynadıqda bir qədər problemlər yaşayır. Sadəcə, ilk dəfə 5 müdafiəçi ilə oymasaq da, pis mübarizə aparmadıq və “Zalsburq”a elə də çox qol imkanı vermədik. Onlar cüzi səhvlərimizdən yararlandılar. 18-ci dəqiqəyə kimi heç qol imkanı da yarada bilməmişdilər. Yəni, 5 müdafiəçi ilə oynamaq hesabı qorumaq üçün deyil, mərhələni keçməyə hesablanmışdı. Amma istəyimiz alınmadı”.
O, Qurban Qurbanovun 0:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında hücumda “dişsiz” olmaları ilə bağlı açıqlamasına da münasibət bildirib: “5 müdafiəçi ilə oynadıqda, istər-istəməz hücumda 1 futbolçunu itirmiş olursan. Deyərdim ki, tam heyətlə oynamamağımız ön xəttdə “dişsiz” olmağımızla nəticələndi. AFFA, PFL rəhbərliyi soyunub-geyinmə otağında bildirdi ki, narahat olmayın, Avropa Liqasına hazırlaşmaq lazımdır”.
Arxa xətt oyunçusu pley-off mərhələsinin sabah püşkündən də danışıb: “Düzünü deyim ki, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq klublar barədə dəqiq məlumatım yoxdur. Amma cəzalılarımızın, zədəlilərimizin tez qayıtması və növbəti oyuna birgə hazırlaşmağımız əsas istəyimdir. Uyğun rəqib arzulayıram ki, Avropa Liqasının qrupuna düşək. Reynaldonu da saysaq, 3 futbolçumuz sıradan çıxıb. Bu çox böyük itkidir. Buna baxmayaraq, hədəfimizə çatmaq üçün yaxşı oyun göstərməliyik”.